Gundemxeber.az » Ölkə » "Euronews" 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc etdi
"Euronews" telekanalı Azərbaycanda 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib.
GundemxeberTV.com xəbər verir ki, materialda qeyd olunur ki, Azərbaycan 2020-ci ildə baş vermiş 44 günlük müharibənin başlanmasının ildönümündə altı il əvvəl döyüşlər zamanı həlak olan hərbçilərin xatirəsini yad edir.
"Euronews" yazır ki, müharibədən sonra Azərbaycan və Ermənistan arasında münasibətlər ticarət, nəqliyyat və telekommunikasiya əlaqələrinin inkişafı ilə xarakterizə olunur.
"Müharibə regionda Sovet İttifaqının dağılmasından sonra formalaşmış vəziyyəti dəyişdirdi və iki ölkə arasında münasibətlərdə yeni mərhələnin əsasını qoydu. 2020-ci ilin noyabrında hərbi əməliyyatların dayandırılmasından sonra tərəflər tədricən sərhəd məsələlərinin müzakirəsinə, münasibətlərin normallaşdırılmasına və regional nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına keçdilər", – məqalədə bildirilir.
Telekanal qeyd edir ki, bu prosesin ən nəzərəçarpan nəticələrindən biri Azərbaycanın 2025-ci ilin sonunda tranzit məhdudiyyətlərini aradan qaldırmasından sonra dəmir yolu əlaqəsinin bərpa olunması və Ermənistana tədarükün başlaması olub.
"Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan Ermənistana birbaşa ixracın həcmi 17 milyon dolları ötüb. Tədarükə təxminən 17 min ton dizel yanacağı , həmçinin AI-92 və AI-95 markalı təxminən 5 min ton benzin daxil olub", – "Euronews" yazır.
Məqalədə bildirilir ki, normallaşma prosesinin siyasi çərçivəsi 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda keçirilən görüş zamanı müəyyənləşdirilib.
Görüşün yekununda tərəflər Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin hazırlanması prosesi ilə bağlı birgə bəyannamə imzalayıblar. Rəsmi diplomatiya ilə yanaşı, iki ölkənin ictimai və vətəndaş cəmiyyəti təşkilatları arasında da qarşılıqlı əlaqələr inkişaf edir.
Məqalədə daha bir istiqamət kimi "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində əməkdaşlıq göstərilir. Planlaşdırılan nəqliyyat marşrutunun Ermənistanın Sünik vilayətindən keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməsi nəzərdə tutulur.
"Beləliklə, müharibədən altı il sonra Azərbaycanda Anım Günü yalnız siyasi münasibətləri deyil, həm də ticarət, nəqliyyat, telekommunikasiya və vətəndaş cəmiyyətləri arasında qarşılıqlı əlaqələri əhatə edən regional normallaşma prosesinin davam etdiyi bir şəraitdə qeyd olunur", – deyə materialda vurğulanır.
11-06-2013, 15:13
12-10-2020, 11:46
26-10-2017, 17:24
30-11-2016, 13:58
11-05-2013, 12:51
Sorğu
Yeni dizaynımız necədir?