Gundemxeber.az » Ölkə » ATMU Türk Dünyası Yüksəköyrətimində Ortalıq Proqramında iştirak edib
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Türk dünyasının ali təhsil məkanında institusional əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir mühüm addım atıb. Universitetin Beynəlxalq Əlaqələr Şöbəsinin müdir müavini İranə Axundova Yurtdışı Türklər və Qohum Topluluqlar Başqanlığı (YTB) tərəfindən təşkil olunan Türk Dünyası Yüksəköyrətimində Ortalıq Proqramında (ORTAK) iştirak edib.
Gundemxeber.org xəbər verir ki, Ankarada keçirilən proqram çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanı təmsil edən rəhbər, akademik və mütəxəssislər bir araya gəlib. “Dildə, fikirdə, işdə birlik” prinsipi əsasında qurulan proqram Türk dünyasının ali təhsil qurumları arasında əməkdaşlığı yeni, daha institusional mərhələyə daşımağı hədəfləyib.
İştirakçılar proqram müddətində dünyada və Türkiyədə ali təhsil siyasəti və strategiyalarından tutmuş, keyfiyyət təminatı və akkreditasiya mexanizmlərinə qədər geniş bir sahədə nəzəri və praktiki bilik əldə ediblər. Xüsusi diqqət ali təhsildə rəqəmsal transformasiya və təhsil texnologiyalarına, o cümlədən süni intellektin universitetlərə inteqrasiyasına yönəldilib. Bundan əlavə, beynəlmiləlləşmə və birgə təhsil proqramları, eləcə də təhsildə gələcək tendensiyalar və siyasətlərin hazırlanması mövzuları da proqramın əsas komponentlərindən olub.
Proqram çərçivəsində Türkiyənin ali təhsil sisteminin institusional quruluşu, Avropa Kredit Transfer Sistemi (AKTS) və akkreditasiya təcrübəsi də ətraflı təqdim olunub. İştirakçılar həmçinin YÖK, Milli Təhsil Nazirliyi, TİKA, TRT Avaz və Türkiyə Milli Kitabxanasına səfər edərək həmin qurumların fəaliyyəti ilə yerində tanış olublar.
Proqramın strateji hədəflərindən biri iştirakçı ölkələrin ali təhsil qurumları arasında rəqəmsal əməkdaşlıq şəbəkəsinin yaradılması olub. Bu şəbəkə vasitəsilə uğurlu təcrübələrin, akademik təşəbbüslərin və birgə əməkdaşlıq imkanlarının mübadiləsi, eləcə də proqram çərçivəsində qurulan əlaqələrin uzunmüddətli tərəfdaşlıqlara çevrilməsi nəzərdə tutulub.
İranə Axundovanın proqramda iştirakı bu baxımdan ATMU üçün xüsusi əhəmiyyət daşıyır: universitet Türk dünyasının ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirmək, yeni institusional tərəfdaşlıqlar qurmaq və beynəlxalq akademik mobillik imkanlarını artırmaq üçün əlverişli zəmin əldə edib.
ORTAK proqramının açılış mərasimində Yurtdışı Türklər və Qohum Topluluqlar Başqanı Abdulhadi Turus, AK Parti Bursa millət vəkili və Türkiyə-Özbəkistan Dostluq Qrupunun sədri Osman Mesten, Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şeker və ORTAK proqramının akademik koordinatoru, Hacettepe Universitetinin Təhsil Fakültəsinin dekanı professor Şəfiqə Şülə Ərçetin çıxış ediblər.
Millət vəkili Osman Mesten çıxışında Türk-İslam coğrafiyasının tarix boyu böyük alimlər yetişdirdiyini vurğulayaraq, Xarəzmi, İbn Sina, Uluğ bəy və Farabi kimi şəxsiyyətləri nümunə göstərib.
Proqramın yekununda iştirakçılara sertifikatlar təqdim olunub. Beləliklə, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndəsi İranə Axundova ORTAK proqramını uğurla başa vurub.
19-04-2016, 00:13
25-05-2016, 13:24
8-04-2014, 10:40
16-08-2026, 19:46
2-12-2016, 14:00
Sorğu
Yeni dizaynımız necədir?